KİV: Kiprdəki Britaniya hərbi bazalarında təhlükəsizlik təhdidi elan edilib
- 02 mart, 2026
- 05:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiprin xarici əraziləri olan Akrotiri və Dekeliyada yerləşən Britaniya hərbi hava bazalarında təhlükəsizlik təhdidi elan edilib.
"Report" xəbər verir ki, bu barədə Kiprin "Cyprus Mail" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, yerli vaxtla gecə yarısından bir az əvvəl (Bakı vaxtı ilə 02:00) baş verib. Baza heyətinə təhlükə barədə məlumat verilib, onlara evlərinə qayıtmaq və növbəti xəbərdarlığa qədər evdə qalmaq tapşırılıb.
Bundan əlavə, heyətə növbəti xəbərdarlığa qədər pəncərələrdən uzaqlaşmaq və möhkəm, ağır mebellərin arxasında və ya altında gizlənmək əmri verilib.
"Sky News" xəbər verir ki, hərbi bazası dron hücumuna məruz qalıb.
Bazada Britaniya Silahlı Qüvvələrinin tərkibində 4 mindən çox hərbi qulluqçu və onların ailə üzvləri xidmət edir. Onlar əsasən "RAF Akrotiri" bazasında yerləşdirilib. Həmin baza Kral Hərbi Hava Qüvvələrinin müxtəlif bölmələrinə ev sahibliyi edir. Burada döyüş, nəqliyyat təyyarələri və kəşfiyyat vasitələri yerləşdirilib.