İsveç Müdafiə Nazirliyi: Ukrayna üçün "Gripen E" qırıcılarının maliyyələşdirmə variantlarını nəzərdən keçiririk - YENİLƏNİB-2
- 22 oktyabr, 2025
- 21:25

İsveç Ukrayna üçün gələcək "Gripen E" qırıcılarının maliyyələşdirilməsi variantlarını nəzərdən keçirir.
"Report"un məlumatına görə, bu barədə krallığın müdafiə naziri Pol Yonson "X" sosial şəbəkəsində bildirib.
"Ukrayna 100-150 "Gripen E" istədi və biz onların maliyyələşdirilməsi variantlarını nəzərdən keçiririk", - deyə nazir yazıb.
Daha əvvəl İsveçin Baş naziri Ulf Kristerssonla Ukrayna Prezidenti Volodimir Zelenski İsveç istehsalı olan ən yeni "Gripen E" qırıcılarının satışına yol açan niyyət məktubu imzalayıblar. Kristerssonun sözlərinə görə, söhbət 100-150 təyyarədən gedir və ilk partiyanın çatdırılması üç ildən sonra başlaya bilər.
Ukrayna İsveç istehsalı olan ən azı 100 "Gripen" döyüş təyyarəsi almağa ümid edir.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
"Bu gün ölkələrimiz arasında Ukraynanın İsveç istehsalı olan "Gripen" döyüş təyyarələrindən ibarət böyük bir donanma əldə etməsinə yol açan ilk sənəd imzalanıb. Bunlar əla təyyarələrdir, geniş spektrli tapşırıqların yerinə yetirilməsinə imkan verən güclü aviasiya maşınlarıdır. Hər kəs başa düşür ki, bunlar hansı təhdidlərdən qorunmağa kömək edəcək. Ümid edirik ki, gələcək müqavilə bizə ən azı 100 belə təyyarə əldə etməyə imkan verəcək", - o qeyd edib.
V.Zelenski bu istiqamətdə əməkdaşlığa hazır olduqlarına görə İsveçin Baş naziri Ulf Kristerssona, ölkə hökumətinə və "Saab" şirkətinə təşəkkür edib.
İsveç Ukraynaya 120 ədəd ən yeni "JAS Gripen E" qırıcı təyyarəsi satmaq niyyətindədir.
Bu barədə "Report" İsveçin "TV4 Nyheterna" telekanalına istinadən xəbər verir.
Qeyd olunub ki, bu, İsveç tarixində qırıcı təyyarələrin satışı üzrə ən böyük müqavilə ola bilər.
"Saab" şirkəti tərəfindən hazırlanan "JAS 39 Gripen E" - İsveç qırıcı təyyarəsinin ən son versiyasıdır. Model əvvəlki versiyalara nisbətən daha güclü mühərrik, daha böyük uçuş məsafəsinə malikdir.