KİV: Britaniya noyabrdan miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq
- 28 oktyabr, 2025
- 04:46
Böyük Britaniya hökuməti noyabrın sonundan etibarən qanunsuz miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq.
"Report"un xəbərinə görə, bu barədə "The Times" qəzeti Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, miqrantların yerləşdirilməsi üçün Şotlandiyada İnverness şəhəri yaxınlığındakı hərbi bazanın barakları və İngiltərənin cənubunda Şərqi Sasseks qraflığındakı hərbi təlim düşərgəsi istifadə olunacaq. Bu obyektlərdə 900-ə qədər qanunsuz miqrantın yerləşdirilməsi planlaşdırılır. "The Times" qəzetinin yazdığına görə, ümumilikdə gələcəkdə Daxili İşlər Nazirliyi kazarmalarda müvəqqəti əsasda 10 minə qədər qanunsuz miqrantı yerləşdirmək niyyətindədir.
Britaniya hökumətinin fikrinə görə, bu, büdcəyə düşən yükü azaldacaq və qanunsuz miqrantların bahalı mehmanxanalarda yerləşdirilməsindən imtina etməyə kömək edəcək. Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin mart ayına olan vəziyyətə görə, ölkə üzrə 210 oteldə 32 min qanunsuz miqrant yerləşdirilib. İcmalar Palatasının (parlamentin aşağı palatası) Daxili işlər komitəsinin 27 oktyabrda yayımlanmış hesabatında qeyd olunub ki, Böyük Britaniya 2019-2029-cu illərdə - 10 il ərzində qanunsuz miqrantların otellərdə saxlanmasına £15,3 milyard ($20,4 milyard) xərcləyəcək.