Benində çevriliş cəhdinin qarşısı alınıb - YENİLƏNİB-2
- 07 dekabr, 2025
- 15:35
Benində bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı Milli Qvardiya bölmələri tərəfindən alınıb. Üsyançılar həbs edilib və konstitusiya quruluşu bərpa edilib.
Benində üsyankar hərbçilər prezidentin iqamətgahını ələ keçirməyə cəhd ediblər.
"Report" xəbər verir ki, bu barədə "Jeune Afrique" yazır.
Daha əvvəl milli televiziyanın efirində hərbçilər prezidentin devrildiyini və dövlət qurumlarının buraxıldığını elan etmişdi.
AFP-nin məlumatına görə, Benin Prezidenti Patris Talon çevriliş cəhdi fonunda təhlükəsizlikdədir, ordu isə nəzarəti bərpa etməyə çalışır.
Beninin xarici işlər naziri "Reuters"ə bildirib ki, çevriliş cəhdi kiçik bir hərbçi qrup tərəfindən edilib, ordunun böyük hissəsi isə hələ də hakimiyyətə sadiq qalır. Onun sözlərinə görə, qiyamçılar yalnız dövlət televiziyasına nəzarəti ələ keçiriblər, siqnal bir neçə dəqiqəlik kəsilib.
Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.
"Report" xəbər verir ki, bu barədə "La Nouvell Tribune" portalı Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.
Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.
Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.