KİV: Avropa İttifaqı ABŞ‑nin Ukrayna üzrə planına qarşı çıxıb
- 20 noyabr, 2025
- 19:23
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ tərəfindən irəli sürülən Ukrayna münaqişəsinin həlli planına qarşı çıxıblar.
"Report"un məlumatına görə, bunu "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, plan Ukraynanın ərazi güzəştlərini və qismən silahsızlaşdırılmasını nəzərdə tutur. Brüsseldə toplaşan Aİ xarici işlər nazirləri hələ açıqlanmayan ABŞ planını ətraflı şərh etməsələr də, Kiyevin getməli olduğu güzəştləri qəbul etməyəcəklərini bildiriblər.
Fransanın xarici işlər naziri Jan-Noel Barro qeyd edib ki, Ukrayna ədalətli sülh istəyir, lakin bunu kapitulyasiya yolu ilə əldə etmək mümkün deyil. ABŞ Dövlət katibi Marko Rubio isə yalnız tərəflərin qarşılıqlı güzəştlərini nəzərdə tutan sülh təşəbbüslərindən danışıb.
Ötən gün bir sıra KİV ABŞ-də hazırlanmış, Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına dair 28 maddədən ibarət plan barədə məlumat yayıb. Sənəd rəsmi şəkildə təqdim edilməsə də, bəzi KİV-lər ABŞ Prezidenti Donald Trampın artıq onu dəstəklədiyini iddia edirlər. Plan Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Donbasın bir hissəsindən imtinanı, Kiyevə hərbi yardımın azaldılmasını və rus dilinin dövlət dili kimi tanınmasını nəzərdə tutur.