KİV: Almaniya XİN-də struktur dəyişiklikləri ediləcək

Digər ölkələr
  • 26 noyabr, 2025
  • 03:47
KİV: Almaniya XİN-də struktur dəyişiklikləri ediləcək

Almaniyanın xarici işlər naziri Yohann Vadeful vəzifəyə başlamasından yarım ildən bir az keçdikdən sonra XİN-də əhəmiyyətli struktur dəyişiklikləri reallaşdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Agentliyin məlumatına görə, dövlət katibləri Geza Andreas fon Qeyr və Bernard Kox idarə əməkdaşlarını yazılı şəkildə məlumatlandırıblar ki, işdə əsas prioritet "təhlükəsizlik siyasəti, beynəlxalq nizamın qorunması, iqtisadi inkişaf və iqtisadi təhlükəsizliyə dəstək sahələrində səmərəliliyin artırılması" olacaq.

"Kim XXI əsrin genişmiqyaslı çağırışlarına təsirli cavab vermək və təhlükəsizliklə iqtisadiyyata əsaslanan xarici siyasət formalaşdırmaq istəyirsə, öz prioritetlərini daha aydın və cəsarətli şəkildə müəyyənləşdirməlidir", - sənəddə qeyd olunub. Nazirliyin fəaliyyəti Almaniya və Avropanın təhlükəsizlik siyasəti sahəsindəki maraq və məqsədlərinə daha ardıcıl şəkildə yönəldiləcək.

Fon Qeyr və Kox həmçinin bildiriblər ki, nəzərdə tutulan restrukturizasiya yerlərin 8%-nə təsir edəcək və XİN-də "əksər vəzifələrin ləğvi"nə gətirib çıxaracaq. Bundestaqın qanunvericilik dövrü 2029-cu ildə başa çatana qədər, əsasən, Berlin mərkəzi aparatında təxminən 570 iş yeri ixtisar olunacaq.

Hazırda XİN-in mərkəzi aparatında təxminən 3,1 min, təqribən 230 xarici nümayəndəlikdə isə 3,2 min əməkdaşı var. Bundan əlavə, yerli səviyyədə təxminən 5,6 min əməkdaş çalışır.

Son xəbərlər

Bütün Xəbər Lenti