KİV: ABŞ rəsmiləri anbarları miqrantların saxlanma mərkəzlərinə çevirmək istəyirlər
- 09 noyabr, 2025
- 00:58
ABŞ Prezidenti Donald Tramp administrasiyası böyük anbarlar əldə etmək və deportasiyadan əvvəl qanunsuz miqrantları saxlamaq üçün onlardan istifadə etmək imkanlarını nəzərdən keçirir.
"Report"un məlumatına görə, bu barədə "NBC News" Ağ Evdə və Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, söhbət onlayn pərakəndə satış şirkəti "Amazon" kimi şirkətlər üçün nəzərdə tutulmuş anbarlardan gedir.
Mənbələrin fikrincə, bu cür müəssisələrin orta sahəsi mövcud miqrasiya saxlama mərkəzlərindən iki dəfə böyükdür ki, bu da hakimiyyət orqanlarına daha çox qanunsuz miqrantı saxlamağa imkan verəcək.
ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) ölkənin cənubundakı hava limanlarının yaxınlığında yerləşən və miqrantların ən çox deportasiya edildiyi anbarlarla maraqlanır.
Noyabrın 6-da "CBS News" mənbələrə istinadən bildirib ki, rekord sayda miqrant - təxminən 66 000 - ICE müəssisələrində saxlanılır. İCE-nin adı çəkilməyən nümayəndəsi bildirib ki, agentliyin müəssisələri hazırda 70 000 nəfər üçün nəzərdə tutulub.