KİV: ABŞ-nin sülh planında Ukraynaya "Tomahawk" raketləri verilməsi nəzərdə tutulur
- 23 noyabr, 2025
- 14:28
ABŞ tərəfindən hazırlanan Rusiya‑Ukrayna münaqişəsinin həlli planında hərbi əməliyyatlar başa çatdıqdan sonra Kiyevə "Tomahawk" raketlərinin verilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu "The Washington Post" amerikalı rəsmilərə istinadən yazıb.
Məlumata görə, ABŞ administrasiyası etiraf edir ki, 28 bənddən ibarət plan Ukraynaya kifayət qədər möhkəm təhlükəsizlik zəmanətləri təqdim etmir.
"ABŞ rəsmiləri atəşkəsdən sonra Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsinə alternativ olaraq, sülh sazişinə nail olunacağı təqdirdə bu ölkəyə "Tomahawk" raketlərinin verilməsini nəzərdən keçirirlər", – məqalədə qeyd olunur.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna ordusunun maksimal say həddini artırmaq və ya ümumiyyətlə bu bəndi çıxarmaq imkanına malikdir.
Tramp administrasiyası həmçinin Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirməyə tam sadiqdir və sülh planı üzrə danışıqlara açıqdır.
ABŞ Prezidenti 27 noyabrı Kiyevin plana razılıq verməsi üçün münasib vaxt adlandırıb, baxmayaraq ki, təklifin hələ yekun olmadığını da vurğulayıb.