KİV: ABŞ-də hökumətin fəaliyyətinin dekabr-yanvar aylarınadək bərpası müzakirə edilir
- 05 noyabr, 2025
- 00:21
ABŞ Konqresinin senatorları hökumətin işinin dekabr və ya yanvar ayına qədər bərpasına imkan verəcək sazişi müzakirə edirlər.
"Report" xəbər verir ki, bu barədə "Semafor" portalı məlumat yayıb.
Məlumata görə, hökumətin işini 21 noyabra qədər bərpa etmək üçün hazırkı saziş yaranmış böhranı aradan qaldırmağa imkan verməyəcək, çünki qanunvericilərin uzunmüddətli maliyyələşməni razılaşdırması üçün çox az vaxt qalır.
"Müddətləri uzatmağımıza ehtiyac var. Hazırkı sənəd 21 noyabra qədər nəzərdə tutulub, bu gün isə artıq 3 noyabrdır, bu çərçivədən kənara çıxmalıyıq", - deyə qanunverici orqanın yuxarı palatasında Respublikaçı çoxluğun lideri Con Barrasso (Vayominq ştatından) nəşrə bildirib.
Portal qeyd edib ki, Respublikaçılar və Demokratlar hələ də administrasiyanın maliyyələşdirilməsinin bərpa ediləcəyi müddət barədə razılığa gələ bilmirlər. "Birincilər Milad bayramı (25 dekabr) ərəfəsində yeni şatdaundan qaçmaq üçün sənədin hökumətə 15 yanvara qədər işləməyə imkan verməsini istəyirlər. Öz növbəsində, Demokrat Partiyasının nümayəndələri administrasiyanın maliyyələşdirmə müddətini 19 dekabra qədər uzatmaq istəyirlər", - deyə "Semafor" yazıb.
ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətinin qismən dayandırması oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib.