Kanadanın XİN başçısı Çinə səfər edəcək
- 14 oktyabr, 2025
- 13:43

Kanadanın xarici işlər naziri Anita Anand oktyabrın 16-17-də Çinə səfər edəcək.
"Report"un məlumatına görə, bunu Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan bildirib.
Onun sözlərinə görə, A.Anand bu ölkəyə Çinin xarici işlər naziri Van İnin dəvəti ilə səfər edəcək. Bu, may ayında bu vəzifəyə təyin olunduqdan sonra onun Çinə ilk səfəridir.
TASS-ın məlumatına görə, tərəflər Çin-Kanada münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə danışıqlar aparmağı planlaşdırırlar.
"Bu il ÇXR ilə Kanada arasında diplomatik münasibətlərin qurulmasının və strateji tərəfdaşlığın təsis edilməsinin 55-ci ildönümüdür", - L.Tszyan xatırladıb.
O vurğulayıb ki, Çin hökuməti Kanada ilə strateji əməkdaşlığın gücləndirilməsində maraqlıdır.