Kambocanın Baş naziri: Tailandla atəşkəs kapitulyasiya demək deyil

Digər ölkələr
  • 29 dekabr, 2025
  • 08:52
Kambocanın Baş naziri: Tailandla atəşkəs kapitulyasiya demək deyil

Dekabrın 27-də Kamboca və Tailandın Baş Sərhəd Komitəsinin xüsusi iclasında əldə olunmuş atəşkəs razılaşması Kambocanın kapitulyasiyası və ya özünümüdafiə hüququndan imtina etməsi demək deyil.

"Report" xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet deyib.

Onun sözlərinə görə, qarşılıqlı atəşkəslə razılaşmaq qərarı "Kambocanın sülh naminə təslim olması və ya ərazi bütövlüyünü qurban verməyə hazır olması, həm də ölkənin "özünümüdafiə hüququndan məhrum olması və ya ondan imtina etməsi" demək deyil.

"Əksinə, bu qərar onu göstərir ki, dövlət təzyiqlərə və ya çətinliklərə baxmayaraq, sülh yolu tutmaq qərarına gəlib, xalqının həyatını və rifahını ən yüksək və ən mühüm prioritet kimi qarşıya qoyub. Kamboca sülhə və inkişafa yüksək əhəmiyyət verir, həm regionda, həm də dünyanın bütün ölkələri ilə dinc yaşamaq məqsədi ilə beynəlxalq hüquqa, müqavilələrə, konvensiyalara və Pnompenin qəbul etdiyi razılaşmalara, xüsusən də BMT nizamnaməsinə və ASEAN nizamnaməsinə əsaslanan regional və qlobal nizamın qorunmasını daim dəstəkləyir".

Qeyd edək ki, Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölkə sərhədində atəşkəs rejiminin bərpasına dair birgə sənəd imzalayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti