Kallas: Aİ Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə davam edəcək

Digər ölkələr
  • 23 iyul, 2026
  • 14:29
Kallas: Aİ Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə davam edəcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməyə davam edəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz Rusiyaya qarşı 21-ci sanksiya paketi barədə razılığa gəldik. O, Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləyən Moskvanın maliyyə sisteminə, onun hərbi-sənaye kompleksinə və enerji sektoruna yönəlmiş genişmiqyaslı tədbirləri nəzərdə tutur. Biz artıq növbəti addımlar üzərində işləyirik. Aİ Rusiya tərəfindən istənilən sonrakı eskalasiyaya cavab verməyə hazır olmalıdır", - K.Kallas bildirib.

Onun sözlərinə görə, 21-ci sanksiya paketi son dörd il ərzində ən böyük sanksiya paketi olub və ümumilikdə 218 məhdudlaşdırıcı tədbiri əhatə edir.

"Sanksiya siyahısına 100-dən çox bank və kriptovalyuta operatoru, "kölgə donanması"nın 40-dan çox gəmisi, həmçinin Moskvanın hərbi səylərini dəstəkləməyə kömək edən Rusiya və Belarusdakı bir neçə neft emalı zavodu düşüb. Biz həmçinin sanksiya siyahısına hərbi-sənaye kompleksinin 50-dən çox müəssisəsini, o cümlədən Rusiyanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalının əsas iştirakçılarını daxil etməklə Rusiyanın dinc əhaliyə (Ukraynanın - red.), infrastruktur obyektlərinə və mədəni irsə davam edən hücumlarına reaksiya veririk", - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.