Kabo-Verdedə avtobus qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb – YENİLƏNİB
- 06 sentyabr, 2026
- 21:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Kabo-Verdenin Foqo adasında avtobus qəzasında ölənlərin sayı 25-ə çatıb.
"Report"un "Noticias Ao Minuto" yerli portalına istinadən məlumatına görə, bu barədə Prezident Jose Mariya Neveş bildirib.
Bundan əvvəl 22 nəfərin öldüyü, daha 18 nəfərin yaralandığı, onlardan dördünün vəziyyəti ağır olduğu bildirilirdi.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli şöbəsi zərərçəkənlərə kömək etmək üçün qrupların səfərbər olunduğunu elan edib.
San-Filipe bələdiyyəsi iki günlük matəm elan edib və ölənlərin ailələrinə dəstək tədbirləri barədə xəbər verib.
Kabo-Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Lusa" agentliyi məlumat yayıb.
Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.
Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.
"6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.
Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.
Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.