İsveçdə məktəbə edilən hücumda bir nəfər ölüb, üç nəfər yaralanıb
- 22 avqust, 2026
- 00:47
Faqersta bələdiyyəsində (Vestmanland vilayəti, Mərkəzi İsveç) yuxarı sinif şagirdləri üçün "Brinellskolan" gimnaziyasında maçete ilə hücum zamanı bir nəfər həlak olub, üç nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı mətbuat konfransında polis nümayəndələri deyiblər.
Həlak olan şəxsin cəsədi, eləcə də üç yaralı məktəb binasının girişində aşkar edilib.
"Hazırda başqa cinayətkarların olduğunu düşünmək üçün heç bir əsasımız yoxdur", - Şimali Vestmanland polisinin rəisi Tommi Alriksson bildirib.
Daha əvvəl polislərin şübhəli şəxsi saxlayarkən ayağından yaraladığı qeyd olunmuşdu. Onun əvvəllər bu gimnaziyada təhsil almış və keçmiş məktəbində başqa bir şagirdə hücum etdiyinə görə artıq məhkumluğu olan 18 yaşlı yerli sakin olduğu üzə çıxıb.
Ötən payız o, internata göndərilib və psixiatr tərəfindən müayinədən keçib.