İsrailin BMT-dəki səfiri Nyu-York merinin həbs olunmasına çağırıb
- 08 sentyabr, 2026
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin BMT-dəki səfiri Dani Danon İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ-a səfəri ərəfəsində zorakılığa təhrik etdiyinə görə Nyu-York meri Zohran Mamdaninin həbs edilməsinə çağırıb.
"Report" xəbər verir ki, Danon bunu "The Times" nəşrinə verdiyi müsahibədə bildirib.
Onun fikrincə, Mamdani Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri ərəfəsində "xaos toxumu səpir" və "hücumlara təhrik edir".
"Şəhərdə yeni mer var ki, nümayəndə heyətini təşkil edib dəstəkləmək əvəzinə, etirazlara çağırır və küçələrdə daha çox xaosa təhrik edir. O (Mamdani - red.) baş nazirimizin həbs edilməsinə çağırırdı, amma mən düşünürəm ki, əgər kimsə həbs edilməlidirsə, bu merin özüdür, çünki onun təhrikləri şəhərdə yəhudilərə hücumlara səbəb olub", - səfir qeyd edib.
Netanyahu sentyabrın 8-də BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gəlməlidir.
Qeyd edək ki, iyulda Mamdani İsrail baş nazirinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Nyu-York polisi tərəfindən həbs edilməsi imkanını araşdırdığını bildirmişdi. Hüquqşünaslar şəhər polisinin BCM orderini icra etmək səlahiyyətinin olmadığını izah edəndə, mer Nyu-York sakinlərini Netanyahunun gəlişinə qarşı kütləvi etirazlara çıxmağa çağırmışdı.