İsrail Tehran, Şiraz və Əhvazdakı obyektlərə aviazərbələr endirib - YENİLƏNİB

Digər ölkələr
  • 13 mart, 2026
  • 12:40
İsrail Tehran, Şiraz və Əhvazdakı obyektlərə aviazərbələr endirib - YENİLƏNİB

İsrail Tehran, Şiraz və Əhvazdakı bir sıra hərbi obyektlərə, o cümlədən ballistik raket istehsalı və saxlanması üzrə yeraltı anbara bir neçə mərhələdə aviazərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

Qeyd olunur ki, Şirazdakı yeraltı obyekt İran tərəfindən İsrailə doğru atılması nəzərdə tutulan ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə edilib.

İsrail hərbçiləri Tehranda İranın hava hücumundan müdafiə (HHM) sisteminə məxsus bir neçə obyektə, "əsas bazaya", İranın müxtəlif silahların, o cümlədən HHM sistemləri və ballistik raket komponentlərinin istehsalı üçün istifadə etdiyi obyektlərə zərbələr endirib.

İsrail hərbçiləri İran hökumətinin Tehrandakı obyektlərinə silsilə zərbələr endirməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir.

"İsrail Müdafiə Qüvvələri Tehranda infrastruktura genişmiqyaslı silsilə zərbələr endirməyə başlayıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.