İsrail ordusu 20 HƏMAS silahlısının öldürüldüyünü açıqlayıb
- 03 oktyabr, 2025
- 21:04

İsrail Müdafiə Qüvvələri qəzzalılara humanitar ərazidə hücuma cəhd edən 20 HƏMAS silahlısının öldürüldüyünü açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin "X" hesabında yaydığı məlumatda bildirilir.
Məlumata görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində keçirilən əməliyyatda Hərbi Hava Qüvvələri, Hərbi Kəşfiyyat və "Şin Bet" təhlükəsizlik xidmətinin bölmələri iştirak ediblər.
"Bu gün İsrail ordusunun təyyarəsi Qəzza zolağının cənubundakı humanitar ərazidə qəzzalılara hücum etməyə cəhd göstərən 20-yə yaxın HƏMAS terrorçusunu məhv edib", - məlumatda deyilir.
Ordudan bildirilib ki, əməliyyat zamanı yaraqlılardan bəziləri uşaqlardan canlı qalxan kimi istifadə etməyə cəhd göstərib, lakin zərərsizləşdirilib. Qeyd olunub ki, mülki əhali arasında itki yoxdur.
Hərbçilər həmçinin vurğulayıblar ki, son həftələrdə HƏMAS mülki əhalinin Qəzzanın cənubuna təxliyəsinə mane olmağa cəhd edib. İsrailin məlumatına görə, hazırda 870 mindən çox qəzzalı cənuba köç edib.