İsrail Ali Məhkəməsi fələstinli məhbusların pis qidalandığına dair qərar qəbul edib

Digər ölkələr
  • 08 sentyabr, 2025
  • 05:56
İsrail Ali Məhkəməsi fələstinli məhbusların pis qidalandığına dair qərar qəbul edib

İsrail Ali Məhkəməsi belə qənaətə gəlib ki, hökumət həbsxanalarda olan fələstinli məhbusları kifayət qədər qida ilə təmin etmir.

"Report"un "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, hakimlərin fikrincə, məhkumlara təyin edilən hazırkı qidalanma qanunla müəyyən olunmuş standartlara cavab vermir. Bu səbəbdən İsrail Həbsxanalar İdarəsi fələstinli məhkumların zəruri miqdarda ərzaqla təmin olunması üçün tədbirlər görməlidir.

Ali Məhkəmənin bu qərarı ötən il "İsraildə Vətəndaş Hüquqları Assosiasiyası" və "Gisha" adlı hüquq müdafiə təşkilatı tərəfindən verilmiş müraciətə cavab olaraq qəbul edilib. Həmin müraciətdə iddia olunurdu ki, fələstinli məhbuslar həbsxanalarda aclıqla üzləşirlər.

Öz növbəsində, İsrailin milli təhlükəsizlik naziri və ölkədəki cəzaçəkmə müəssisələrinə nəzarət edən İtamar Ben-Qvir Ali Məhkəmənin qərarını tənqid edərək bildirib ki, bu qərar "HƏMAS terrorçularını müdafiə edir".