İsmayıl Serageldin: Şəhərlər böyüməli və ətraf mühitlə davamlı təmasda olmalıdır
- 20 may, 2026
- 13:25
Şəhərlər də bir canlı orqanizmdir. Bu baxımdan, onlar da genişlənməli, böyüməli və ətraf mühitlə davamlı təmasda olmalıdırlar.
"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Mədəni irsin və inklüziv şəhər rejenerasiyasının yenidən düşünülməsi" adlı müzakirədə deyib.
Onun sözlərinə görə, şəhərlərin zamanla böyüməsini reallıq kimi qəbul etdikdə proses daha rahat həzm olunur:
"Məsələn, Buxara şəhərini nümunə göstərə bilərəm. Çünki tarixi-mədəni irs müasir şəhərsalma ilə uyğunlaşır. Ümumiyyətlə, binaların da xarakteri olur və insanlıq bu xarakteri qorumağa borcludur".
İsmayıl Serageldin konservasiya işində gələcək şəhərsalma anlayışının vacibliyinə də diqqət çəkib:
"Konservasiya zamanı həm bu günün adamları, həm turistlər, həm də sabahın adamları da düşünülməlidir. Eyni zamanda, iqlim, hava şəraiti, coğrafi mövqe və digər amillər də nəzərdə keçirilməlidir".