İslamabad Ər-Riyada siyasi və hərbi yardım göstərəcəyinə zəmanət verib

Digər ölkələr
  • 11 mart, 2026
  • 11:20
İslamabad Ər-Riyada siyasi və hərbi yardım göstərəcəyinə zəmanət verib

Pakistanın İranla ABŞ-İsrail koalisiyası arasında kəskinləşən münaqişə fonunda zərurət yaranacağı təqdirdə Səudiyyə Ərəbistanına hərbi və siyasi dəstək göstərməyə hazır olduğu bildirilib.

"Report"un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş nazirinin nümayəndəsi Moşərrəf Zaidi deyib.

"Vəziyyətdən və zamandan asılı olmayaraq mütləq Səudiyyə Ərəbistanının köməyinə çatacağımıza heç bir şübhə yoxdur. Hər iki ölkə müdafiə sazişi bağlanmazdan əvvəl də həmişə qarşılıqlı dəstək prinsipi ilə hərəkət edib", - o bildirib.

M.Zaidi həmçinin qeyd edib ki, İslamabad regionun sabitliyini ciddi şəkildə poza biləcək münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışır.

Onun sözlərinə görə, qlobal enerji böhranı fonunda Səudiyyə Ərəbistanı Pakistana neft və dizel yanacağı tədarükünü təşkil edib ki, bu da enerji resurslarının idxalından çox asılı olan bir ölkə üçün xüsusilə vacibdir.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı və Pakistan iki dövlət arasında uzunmüddətli strateji münasibətləri gücləndirərək müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Sənəd silahlı qüvvələr arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsini, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsini, hava hücumundan və raketdən müdafiə sahəsində koordinasiyanı, birgə təlimləri, eləcə də hərbi texnologiyalar və kadr hazırlığı sahəsində əməkdaşlığı nəzərdə tutur.

44 - Tezliklə