İşiqaki Kadzuko WUF13-də: BMT yerli hakimiyyət orqanlarına dəstək göstərməlidir

Digər ölkələr
  • 22 may, 2026
  • 11:11
İşiqaki Kadzuko WUF13-də: BMT yerli hakimiyyət orqanlarına dəstək göstərməlidir

Şəhər inkişafının problemləri yerli hakimiyyət orqanları səviyyəsində institusional və kadr imkanlarının çatışmazlığı ilə daha da kəskinləşir.

"Report"un məlumatına görə, bu barədə UN-Habitat-ın Asiya və Sakit Okean regionu üzrə Regional Ofisinin direktoru İşiqaki Kadzuko Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, regionun ölkələrində mənzil siyasəti və şəhər planlaşdırması sahəsində müasir strategiyaların mövcudluğuna baxmayaraq, onların həyata keçirilməsi yerli hakimiyyət orqanları və icmalar səviyyəsində institusional və kadr imkanlarının çatışmazlığı səbəbindən tez-tez ləngiyir.

"Bu baxımdan BMT sistemi siyasətlərin faktiki olaraq həyata keçirildiyi yerli səviyyəyə dəstəyi gücləndirməlidir", - o deyib.

İkinci əsas tezis olaraq o, şəhərlərin inkişafına kompleks yanaşmanın zəruriliyini qeyd edib: "Mənzil siyasəti şəhər planlaşdırmasından, şəhər mühitinin dizaynından, landşaft siyasətindən və əsas xidmətlər sistemindən ayrı mövcud ola bilməz. Yalnız əraziyə və insanların ehtiyaclarına yönəlmiş bu istiqamətlərin inteqrasiyası davamlı və həyat qabiliyyətli şəhərlərin formalaşdırılmasına imkan verir".

O əlavə edib ki, davamlı inkişaf yalnız daimi təcrübə mübadiləsi və həllərin yerli şəraitə uyğunlaşdırılması ilə mümkündür, mənzil mövzusu isə yalnız bütövlükdə şəhər mühitinin inkişafı ilə əlaqəli şəkildə nəzərdən keçirilməlidir.