İrlandiyanın Baş naziri: Rusiyaya gil-torpaq tədarükü ilə bağlı araşdırma tezliklə başa çatacaq
- 03 iyul, 2026
- 18:23
Yeniliklərdən dərhal xəbərdar olun!
İrlandiyanın "Aughinish Alumina" zavodundan Rusiyaya gil-torpaq tədarükü ilə bağlı araşdırması yaxın həftələrdə başa çatacaq, bundan sonra onun nəticələri gələcək addımların müzakirə edilməsi üçün Avropa Komissiyasına təqdim olunacaq.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu İrlandiyanın Baş naziri Mixol Martin mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, araşdırmanı İrlandiyanın Sahibkarlıq, Ticarət və Məşğulluq Nazirliyi aparır.
M.Martin qeyd edib ki, gil-torpaq hələ ki Avropa İttifaqının sanksiyaları altına düşmür, bununla yanaşı, hər hansı sonrakı qərar araşdırma başa çatdıqdan və Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra qəbul ediləcək.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, İrlandiyanın araşdırmasının başa çatmasını gözləyir, bundan sonra onun nəticələri Dublinlə birlikdə müzakirə olunacaq.
Son aylarda Rusiyanın "RUSAL" şirkətinə məxsus İrlandiyadakı zavoddan Rusiyaya gil-torpaq tədarükü Avropa və dünya mediasında silsilə tənqidi məqalələrin mövzusuna çevrilib.
Diqqət mərkəzində isə bu cür tədarüklərin Aİ-nin sanksiya rejiminə uyğun olub-olmaması və gil-torpağın Rusiyanın hərbi sənayesi üçün xammala çevrilib-çevrilməməsi məsələsi olub.