İrlandiyada keçmiş katolik sığınacağının ərazisində 99 körpənin qalıqları aşkarlanıb
- 23 iyul, 2026
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
İrlandiyanın Tuam şəhərində yerləşən keçmiş katolik ana və uşaq sığınacağının ərazisində aparılan qazıntılar zamanı 99 körpənin qalıqları aşkar edilib.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İrlandiyanın Qazıntılar İdarəsi (ODAIT) açıqlama yayıb.
Bildirilir ki, qazıntılar 2025-ci ilin iyul ayından etibarən aparılır. Buna tarixçi Ketrin Korlessin 1925–1961-ci illərdə sığınacaqda həyatını itirmiş 796 körpə və uşağın burada dəfn oluna biləcəyi barədə məlumat verməsi səbəb olub. 2017-ci ildə yaradılmış xüsusi komissiya müəssisənin ərazisində yerləşən yeraltı rezervuarlarda çoxsaylı uşaq qalıqlarının olduğunu təsdiqləmişdi.
ODAIT-in məlumatına görə, aşkarlanan 99 körpənin qalıqlarından 22-si tabutlarda tapılıb. Qalıqlar əvvəllər nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən ərazidə üzə çıxarılıb.
Qeyd olunur ki, keçmişdə İrlandiyada hamilə qadınlar tez-tez bu cür sığınacaqlara göndərilir, uşaqlar doğulduqdan sonra analarından ayrılaraq övladlığa verilirdi. Saxlanma şəraitinin ağır olması səbəbindən çoxlu sayda uşaq həyatını itirirdi.