İraq ABŞ-nin sanksiyalarına görə "Lukoyl" şirkətinə neft tədarükünü dayandırıb

Digər ölkələr
  • 05 noyabr, 2025
  • 01:09
İraq ABŞ-nin sanksiyalarına görə Lukoyl şirkətinə neft tədarükünü dayandırıb

İraqın dövlət neft şirkəti SOMO noyabr ayında Rusiyanın "Lukoyl" şirkətinə məxsus üç xam neft partiyasının göndərilməsini ləğv edib.

"Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, buna səbəb ABŞ-nin "Lukoyl" da daxil olmaqla, Rusiyanın iri neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar olub. Ləğv edilən tədarük İraqdakı "Qərbi Kurna-2" yatağından həyata keçirilməli idi. "Lukoyl" bu yataqda 75% paya sahibdir.

Neftin göndərilməsi 11, 18 və 26 noyabr tarixlərində baş tutmalı idi.

Keçən ay "Lukoyl" şirkəti dünya miqyasında fəaliyyət göstərən xammal treyderi "Gunvor"un onun xarici aktivlərini almaq təklifini qəbul etdiyini açıqlamışdı. "Gunvor"un baş direktoru Torborn Tornkvist "Financial Times"a verdiyi müsahibədə "Lukoyl"un dünya üzrə ciddi problemlərlə üzləşdiyini bildirmişdi.

"Lukoyl"ın bütün beynəlxalq fəaliyyəti iflic olub. Heç kim onlarla əməkdaşlıq edə bilmir. Minlərlə iş yeri təhlükə altındadır və emal gücü ciddi şəkildə pozula bilər", – o deyib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 23 oktyabr tarixində "Rosneft" və "Lukoyl" neft şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq etdiyini açıqlamışdı.

Son xəbərlər

Bütün Xəbər Lenti