İl ərzində La-Manş boğazı vasitəsilə Britaniyaya 40 mindən çox miqrant daxil olub
- 22 dekabr, 2025
- 03:27
İlin əvvəlindən bəri 40 mindən çox miqrant La-Manşı keçərək qayıqlarla Böyük Britaniyaya daxil olub.
"Report" xəbər verir ki, bu barədə "Guardian" qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ötən şənbə günü Böyük Britaniyaya dekabr ayı üçün rekord sayda – 800-dən çox miqrant çatıb.
"Beləliklə, bu il La-Manşı keçənlərin ümumi sayı 41 455-ə çatıb", - qəzet yazıb.
Qeyd olunub ki, adətən, dekabr ayı aşağı temperatur və sərt hava şəraiti səbəbindən La-Manşı keçən miqrantların sayına görə ən sakit ay olur. Buna baxmayaraq, 20 dekabr tarixində oktyabrın əvvəlindən bəri ən yüksək göstərici qeydə alınıb.
Mövcud rekord isə 2022-ci ildə qeydə alınıb – bir ildə 45 755 miqrant.
Qəzetin məlumatına görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi vəziyyəti şərh edərkən qayıqlarla ölkəyə daxil olan qeyri-qanuni miqrantların sayını "utancverici" adlandırıb və hökumətin tədbirlər gördüyünü bildirib.