İsrail humanitar təşkilatın Qəzzadakı şöbə direktorunu "Həmas"ı maliyyələşdirməkdə ittiham edib

Digər ölkələr
  • 05 avqust, 2016
  • 08:53
İsrail humanitar təşkilatın Qəzzadakı şöbə direktorunu Həması maliyyələşdirməkdə ittiham edib

Bakı. 5 avqust. REPORT.AZ/ İsrail "World Vision" humanitar təşkilatının Qəzzadakı filialının şöbə direktoru Məhəmməd əl-Hələbini əhalinin humanitar ehtiyaclarına ayrılan vəsaitlə "Həmas"ı maliyyələşdirməkdə ittiham edib.

İsrail səfirliyindən "Report"a verilən məlumata görə, Məhəmməd əl-Hələbinin "Həmas"ın hərbi qanadında vacib fiqur olduğu ifşa edilib.

Səfirlikdən verilən məlumata görə, o, vəzifəsindən istifadə edərək, "World Vision" təşkilatından Qəzza sektoru üçün ayrılan humanitar yardımın 60%-ni "Həmas"ın hərbi fəaliyyəti üçün sərf edib.

"World Vision" təşkilatından bu xəbərin onları şoka saldığı və bu məsələdə ciddi yoxlama aparacaqları bildirilib.

Xatırladaq ki, Məhəmməd əl-Hələbi iyunun 15-də həbs edilib. Avqustun 4-də ona qarşı rəsmən "Həmas"a sponsorluq etmək ittihamı irəli sürülüb.