İslamabadda İƏT XİNŞ-in iclası keçirilir
- 28 fevral, 2017
- 10:03
Bakı. 28 fevral. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, iclasda İranın xarici işlər naziri, İƏT ölkələrinin 21-ci Nazirlər Şurasının sədri Məhəmməd Cavad Zərif çıxış edib.
O çıxışı zamanı İƏT-ə daxil olan ölkələr arasında 2025-ci ilə qədər qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı "2025-ci ilə qədər İƏT-in perspektivləri" adlı "yol xəritəsi"nin işlənib hazırlandığını bildirib: "Bu hədəflər İƏT ölkələrini regional inteqrasiya və birliyə sövq edəcək". İran XİN başçısı təşkilatın uğurunun bütün üzvlərinin fəal iştirakından asılı olduğunu vurğulayıb.
Qeyd edək ki, martın 1-də İslamabadda İƏT-in sammiti işə başlayacaq.
İƏT 1985-ci ildə təsis edilib. Onun üzvləri sırasına İran, Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.