HƏMAS Trampın sülh planının bir sıra maddələrində dəyişiklik tələb edir

Digər ölkələr
  • 01 oktyabr, 2025
  • 15:19
HƏMAS Trampın sülh planının bir sıra maddələrində dəyişiklik tələb edir

HƏMAS ABŞ Prezidenti Donald Trampın Qəzzə sektoru üçün təklif etdiyi, silahsızlaşdırma maddələrinə aid olan sülh planına düzəlişlər etmək niyyətində olduğunu bəyan edib.

"Report"un məlumatına görə, bu barədə AFP mənbələrə istinadən xəbər verir.

Məlumata görə, təşkilat məcburi silahsızlaşdırmadan, hərəkat və onun fraksiyalarının üzvlərinin sürgün edilməsindən imtina edilməsini, İsrail qoşunlarının tam çıxarılması üçün beynəlxalq zəmanətlərin verilməsini, həmçinin Qəzzə daxilində, xaricində fələstinlilərin təhlükəsizliyinə zəmanət verilməsini tələb edir.

Mənbə əlavə edir ki, HƏMAS daxilində iki mövqe mövcuddur. Rəhbərliyin bir hissəsi atəşkəsin təminatını əsas hesab edərək planı qeyd-şərtsiz dəstəkləməyə hazırdır. Digər hissə isə "Qəzzə sektorunun işğalının leqallaşdırılmaması və müqavimətin kriminallaşdırılmaması" üçün müqavimət məsələsi də daxil olmaqla əsas maddələrlə bağlı şübhələrini bildirir.

Danışıqlar davam edir, HƏMAS-ın yekun mövqeyi yaxın günlərdə formalaşacaq.

HƏMAS danışıqçıları çərşənbə axşamı Dohada Türkiyə, Misir və Qətər rəsmiləri ilə görüşüblər. Mənbələr qeyd edir ki, yekun cavab üçün qrupa "maksimum iki-üç gün lazım olacaq".

Xatırladaq ki, sentyabrın 29-da Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında danışıqlar keçirilib. Danışıqların nəticəsi olaraq Qəzzədə vəziyyətin tənzimlənməsi üzrə 21 bənddən ibarət sülh planı qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti