HƏMAS siyasi partiyaya çevrilmək ideyasını nəzərdən keçirir
- 25 noyabr, 2025
- 22:15
Fələstinin radikal HƏMAS hərəkatı bir sıra liderlərin irəli sürdüyü siyasi partiya təklifini müzakirə edir.
"Report" xəbər verir ki, bunu "Asharq al-Awsat" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, HƏMAS-ın bir sıra liderləri özünü həyatın siyasi, iqtisadi-sosial sahələrində iştirak edə bilən və mövcud siyasi qüvvələrə bənzər siyasi partiyanın yaradılması təklifinin yer aldığı sənəd təqdim ediblər.
Mənbələr qeyd ediblər ki, müvafiq sənəd hərəkatın siyasi bürosuna, şura məclisinə (məsləhətçi orqan), ali rəhbərlik şurasına və HƏMAS daxilində mövcud olan digər strukturlara göndərilib.
Sənəddə həmçinin ümummilli barışığa çağırış yer alır, müəlliflər Fələstin Azadlıq Təşkilatına qoşulmağı və orada islahatlar aparmaqda iştirakı təklif edirlər.
HƏMAS-ın bir sıra liderləri tərəfindən irəli sürülən bu təklif siyasi fəaliyyətə tədricən keçidi nəzərdə tutur və fələstinlilərə Qəzzadakı müharibənin başa çatmasından sonra bölgədə formalaşan yeni reallığın yaratdığı dəyişikliklər fonunda öz əsas prinsiplərinə sadiq qalmaq imkanı verir.