HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır

Digər ölkələr
  • 08 oktyabr, 2025
  • 19:46
HƏMAS Qətər və Türkiyənin Misirdəki danışıqlara qoşulmasını alqışlayır

HƏMAS Qətər Baş nazirinin, Misir və Türkiyə kəşfiyyat orqanlarının rəhbərlərinin Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlara qoşulmasını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə Fələstin hərəkatının nümayəndəsi İzzət əl-Rişk bildirib.

"Biz Qətərin baş naziri və xarici işlər nazirinin (Məhəmməd bin Əbdürrəhman Əl Tani – red.), eləcə də Türkiyə (İbrahim Kalın – red.) və Misir (Həsən Mahmud Rəşad – red.) kəşfiyyat xidmətlərinin rəhbərlərinin Şarm əş-Şeyxdə aparılan danışıqlarda iştirakını alqışlayırıq. Bu, müharibənin sona çatdırılması, əsirlərin mübadiləsi üçün danışıqlara güclü təkan verəcək, eləcə də (İsrailin Baş naziri Binyamin) Netanyahunun təcavüzü davam etdirməsi və danışıqları pozması üçün manevr imkanlarını daraldacaq", - o deyib.

"Associated Press"in məlumatına görə, danışıqların üçüncü günündə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner də müzakirələrə qatılıb.

Agentliyin bildirdiyinə görə, bu, tərəflərin Qəzzada müharibəni dayandırmaq üçün ABŞ-nin sülh planının ən mürəkkəb məsələləri üzərində əsaslı şəkildə işləmək niyyətində olduqlarını göstərir. HƏMAS Tramp və vasitəçilərdən bütün qalan girovların azad edilməsindən sonra İsrailin Fələstin ərazisində hərbi əməliyyatları bərpa etməyəcəyinə dair qəti zəmanət tələb edir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında iki ildir davam edən müharibəyə son qoymaq üçün təklif etdiyi sülh planı üzrə Misir, Qətər və Türkiyənin vasitəçilərinin iştirakı ilə HƏMAS və İsrail nümayəndə heyətləri arasında dolayı danışıqlar bazar ertəsindən Misirdə davam edir.

Son xəbərlər

Bütün Xəbər Lenti