Gürcüstan XİN: Aİ-yə üzvlük məsələsindən siyasi alət kimi istifadəyə yönəlmiş cəhdləri pisləyirik
- 04 noyabr, 2025
- 19:58
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqına (Aİ) üzvlük məsələsinin siyasi alət kimi istifadə edilməsini pisləyib.
"Report"un yerli bürosu xəbər verir ki, nazirliyin açıqlamasında qeyd edilir ki, hesabatda Gürcüstanla bağlı bir sıra hadisələrə qərəzli qiymət verilməsi narahatlıq doğurur və Aİ-nin bəzi addımları ölkənin daxili siyasətinə təsir etmək məqsədi daşıyır.
Bəyanatda vurğulanır ki, 2025-ci il noyabrın 4-də yayımlanan Genişlənmə Hesabatı əsassız mənfi qiymətləndirmələr və gələcək siyasi spekulyasiyalar üçün istifadə oluna bilər. Nazirlik xüsusilə Aİ institutlarının 4 oktyabr 2025-ci il yerli seçkiləri zamanı Tbilisidə baş verən hadisələrə qarşı susqunluğunu və Assosiasiya Sazişi çərçivəsində dialoqun dayandırılmasını tənqid edib.
"Gürcüstan-Aİ münasibətlərinə xələl gətirən, Aİ-yə üzvlük məsələsindən siyasi alət kimi istifadə etməyə yönəlmiş bütün cəhdləri pisləyirik", – deyə XİN bildirib.
Nazirlik əlavə edib ki, Gürcüstan Avropa İttifaqı ilə imzalanmış sazişlərə sadiqdir və ölkənin Avropaya inteqrasiya prosesində Avropa standartlarına yaxınlaşmasını təmin etmək üçün öhdəliklərini vicdanla yerinə yetirməyə davam edir.