Giyom Mersye: Avropa İttifaqı-Türkiyə münasibətlərinin inkişafı üzrə danışıqlar aparılır

Digər ölkələr
  • 30 iyun, 2026
  • 15:10
Giyom Mersye: Avropa İttifaqı-Türkiyə münasibətlərinin inkişafı üzrə danışıqlar aparılır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyası üzvlərinin Türkiyəyə səfəri davam edir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye brifinqdə bildirib.

Səfərin yekunları haqqında daha ətraflı məlumat bütün görüşlər başa çatdıqdan sonra təqdim olunacaq.

Onun sözlərinə görə, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos səfər çərçivəsində türkiyəli nazirlərlə bir sıra ikitərəfli danışıqlar aparır. O, ötən gün maliyyə naziri, iyunun 30-da nəqliyyat naziri ilə görüşüb, ticarət naziri ilə keçiriləcək görüşdən sonra isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Aİ-nin miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunnerlə birgə proqrama qoşulacaq.

Müzakirə olunan əməkdaşlıq istiqamətləri barədə sualı cavablandıran Mersye bildirib ki, prioritetlərdən biri bağlantı gündəliyinin inkişafıdır.

"Bağlantı gündəliyi Qara dəniz üzrə strategiya çərçivəsində təqdim edilib. İdeya Cənubi Qafqaz vasitəsilə Avropa və Asiyanı birləşdirməkdir və Türkiyə kimi tərəfdaşlar bu kontekstdə mühüm rol oynayır", - o bildirib.

Onun sözlərinə görə, söhbət Avropa və Asiya arasında ticarəti sadələşdirməli və sürətləndirməli olan nəqliyyat və infrastruktur şəbəkələrinin inkişafından gedir.

Mersye qeyd edib ki, Kos bir neçə dəfə, o cümlədən fevral ayında Türkiyədə səfərdə olub. Bu səfərlər Aİ-Ankara münasibətlərinin inkişafı üzrə işlər çərçivəsində baş tutub.

44 - Tezliklə