FTB direktoru: Trampa sui-qəsd cəhdində ittiham olunan Kruks təkbaşına hərəkət edib

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 05:49
FTB direktoru: Trampa sui-qəsd cəhdində ittiham olunan Kruks təkbaşına hərəkət edib

ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Tomas Metyu Kruks təkbaşına hərəkət edib.

"Report" xəbər verir ki, FTB direktoru Keş Patel X sosial media platformasında məlumat verib.

"480-dən çox FTB agenti tərəfindən aparılan araşdırma müəyyən edib ki, Kruks həm onlayn, həm də oflayn rejimdə məhdud əlaqələrə malik olub, hücumu tək planlaşdırıb və həyata keçirib, niyyətini heç kimə açıqlamayıb", - agentliyin direktoru yazıb.

Patel əlavə edib ki, təhqiqat çərçivəsində FTB agentləri 1000-dən çox müsahibə aparıb, 500.000-ə yaxın rəqəmsal faylı nəzərdən keçirib, ələ keçirilən 13 cihazdan məlumatları və yüzlərlə saatlıq videonu təhlil ediblər.

2024-cü ildə Tramp iki sui-qəsd cəhdindən sağ çıxıb. İyulun 13-də Pensilvaniyada gələcək prezidentin seçicilər qarşısında çıxışı silah səsləri ilə kəsilib. İyirmi yaşlı Tomas Metyu Kruks təhlükəsizlik perimetri xaricində binanın damından atəş açıb. Güllələrdən biri Trampın qulağına dəyib və onu səhnədən ABŞ Məxfi Xidmətinin agentləri müşayiət ediblər.

Sentyabrın 15-də siyasətçinin Floridada oynadığı qolf klubunda atışma baş verib. Silahlı şəxs Trampdan təxminən 500 metr aralıda kolluqların arasında olub. Tüfəngin lüləsini görən Gizli Xidmət agentləri atəş açıblar. Şübhəli silahı yerə ataraq avtomobilə minib qaçsa da, tezliklə yaxalanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti