FT: Avropada NEZ-lərdə neft emalı həcmi on il ərzində 20% azalacaq
- 20 avqust, 2026
- 22:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropada neft emalı zavodlarında (NEZ) emal həcmi qarşıdakı on il ərzində 20% azalaraq sutkada 9 milyon barelə düşəcək.
"Report" xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti S&P Global Energy şirkətinin məlumatlarına istinadən xəbər verib.
Nəşr qeyd edir ki, 2035-ci ilə qədər Avropadakı NEZ-lərdə emal həcmi 20% azalaraq sutkada 9 milyon bareldən bir qədər çox olacaq. Müqayisə üçün, XXI əsrin əvvəllərində bu göstərici sutkada 14 milyon barel təşkil edib.
S&P-nin məlumatına görə, ABŞ-da da 2035-ci ilədək NEZ güclərinin 7% azalaraq sutkada 16,7 milyon barelə düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, Yaxın Şərq, Afrika və Asiyada neft emalı zavodlarının istehsalı artmaqda davam edir.
Bildirilir ki, Avropada neft emalını məhdudlaşdıran amillərdən biri elektromobillərin və hibrid avtomobillərin yayılmasıdır. Bu avtomobillərə tələbatın artması yanacağa olan tələbatın azalmasına səbəb olur.
Yaxın Şərqdəki münaqişə hökumətləri kifayət qədər yanacaq tədarükünün təmin edilməsinə diqqəti artırmağa vadar edib. Bununla belə, analitiklər köhnə və kiçik NEZ-lərin fəaliyyətini dayandıracağını gözləməkdə davam edirlər.
NexantECA şirkətinin neft məhsulları departamentinin rəhbəri Yucin Lindell bildirib ki, hazırda neft emalı zavodlarının bağlanması yanlış siqnal olardı. Onun sözlərinə görə, ən azı qarşıdakı 18 ay ərzində belə bağlanmalar baş verməyəcək. Lakin eyni zamanda, bu istiqamətdə dəyişikliklərin qarşısını alacaq amillər də mövcuddur.
Bununla yanaşı, Avropanın avtomobil yanacağına olan tələbatının onda birini təmin edən VaroPreem şirkətinin baş direktoru Dev Sanyal FT-yə bildirib ki, siyasətçilər sektorun inkişafı məsələlərinə daha strateji yanaşmağa başlayıblar.