Fransanın "Zero Logement Vacant" platformasına haker hücumu olub
- 30 avqust, 2026
- 19:59
Hakerlər Fransanın Şəhərsalma və Mənzil İnşaatı Nazirliyinin tabeliyində olan "Zero Logement Vacant" platformasının məlumat bazasını sındırdıqlarını bildiriblər.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Platforma boş qalan yaşayış sahələri haqqında məlumatları ehtiva edir və yerli hakimiyyət orqanları tərəfindən onların daşınmaz əmlak bazarına qaytarılması üçün istifadə olunur.
Məsuliyyəti daha əvvəl Fransa vergi xidmətinin məlumat bazasının sındırılması ilə əlaqədar mediada adı hallanan "ZeroBytes" haker qruplaşması öz üzərinə götürüb.
AFP-nin məlumatına görə, hakerlər platformada 149 milyona yaxın işlənməmiş qeydə çıxış əldə etdiklərini iddia edirlər. Onların içərisində, xüsusən də daşınmaz əmlak sahibləri barədə məlumatlar və hesab məlumatları yer alır.
Bununla belə, qeydlərdə təkrarlanan məlumatlar ola bilər. Buna görə də hələlik nə qədər fiziki şəxsin və ya təşkilatın məlumatlarının hakerlərin sərəncamına keçdiyini dəqiq müəyyən etmək mümkün deyil.