Fransada yay ərzində təxminən 8 min əlavə ölüm halı qeydə alınıb
- 16 sentyabr, 2026
- 21:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransada mayın sonundan bəri anomal istilər dövründə ötən ilin analoji göstəricisi ilə müqayisədə 8 min daha çox ölüm halı qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Ölüm hallarının nə qədərinin birbaşa yüksək temperaturla bağlı olduğunu hələlik müəyyən etməyin çətin olduğu xatırladılıb. Məlumatlar ilkindir və bütün yay dövrünün təhlili başa çatdıqdan sonra onlara yenidən baxıla bilər.
Fransada istilərin fəsadları üzərində epidemioloji nəzarət mövsümü iyunun 1-dən sentyabrın 15-dək davam edir.
Adətən anomal istilərin olduğu günlər yay dövrünün təxminən 5%-ni təşkil edir, lakin bu il bu göstərici əhəmiyyətli dərəcədə yüksək olacaq.
"Météo-France"ın məlumatına görə, 2026-cı ilin yayı 1900-cü ildə müşahidələrin başlanmasından bəri Fransada ən isti yay olub və bu göstəriciyə görə 2003 və 2022-ci illərin yay mövsümlərini geridə qoyub.