Fransada isti havadan 5,7 mindən çox artıq insan ölüb

Digər ölkələr
  • 23 iyul, 2026
  • 01:47
Fransada isti havadan 5,7 mindən çox artıq insan ölüb

Fransada iyun ayında müşahidə olunan anomal istilər nəticəsində ölüm hallarının sayı 5,7 mindən çox olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin Səhiyyə İctimaiyyəti üzrə Dövlət Agentliyinin (Santé publique France) məlumatlarında qeyd olunub.

Agentliyin məlumatına əsasən, bu ilin iyunun 17-dən iyulun 2-dək olan dövrdə Fransada isti hava səbəbindən vaxtından əvvəl 5 764 nəfər dünyasını dəyişib. Bu göstərici gözlənilən səviyyədən 36 faiz çoxdur. Müqayisə üçün, ötən ilin bütün yay mövsümündə belə hallar üzrə qeydə alınan ölüm sayı 5 722 nəfər təşkil edib.

Bildirilib ki, bu, 2003-cü ildən etibarən Fransada qeydə alınan ən yüksək göstəricidir.

Ən böyük artım 45-64 yaş qrupunda müşahidə olunub. Bu kateqoriyada 2 747 ölüm halı qeydə alınıb ki, bu da proqnozlaşdırılan göstəricidən 55,4 faiz çoxdur. Ən yüksək ümumi ölüm sayı isə 75 yaşdan yuxarı insanlar arasında qeydə alınıb - təxminən 14,9 min nəfər. Bu göstərici gözləniləndən 33,3 faiz yüksəkdir.

Artıq ölüm hallarının ən çox qeydə alındığı region isə paytaxt ətrafındakı İl-de-Frans (Île-de-France) bölgəsi olub. Burada təxminən 2 min əlavə ölüm faktı qeydə alınıb ki, bu da proqnozla müqayisədə 81,2 faiz artım deməkdir.