Fransada etiraz aksiyalarında 200 minə yaxın şəxs iştirak edib - YENİLƏNİB

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 06:54
Fransada etiraz aksiyalarında 200 minə yaxın şəxs iştirak edib - YENİLƏNİB

Fransa daxili işlər naziri Bruno Retayo bildirib ki, çərşənbə günü ölkədə "Hər şeyi blokla" hərəkatı çərçivəsində keçirilən kütləvi aksiyalarda təxminən 200 min nəfər iştirak edib.

"Report"un məlumatına görə, bu barədə "Ouest-France" qəzeti məlumat yayıb.

Retayo bu rəqəmi axşam saatlarında keçirilən hökumətlərarası antiböhran komitəsinin iclasının yekununda səsləndirib. Daha əvvəl Fransa DİN ölkə üzrə etirazçıların sayının 175 min olduğunu bildirmişdi.

Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası isə aksiyalara 250 min nəfərin qatıldığını iddia edib.

10 sentyabr günü Fransanın həm böyük, həm də kiçik şəhərlərində yürüşlər, mitinqlər, yolların, müəssisə və idarələrin, dəmiryol stansiyalarının bloklanması ilə yadda qalıb.

Etirazların əsas hədəfi ölkə rəhbərliyinin iqtisadi siyasəti olub. Aksiyada prezident Emmanuel Makronun istefasını tələb edən şüarlar da diqqət çəkib.

Aksiyalar zamanı etirazçılar tez-tez polis qüvvələri ilə qarşıdurmaya girib, hadisələr iğtişaşlara çevrilib.

Öz növbəsində, daxili İşlər naziri ölkəni "bloklamaq" istəyənlərin planının iflasa uğradığını bildirib və hüquq-mühafizə orqanlarına vəzifələrini uğurla yerinə yetirdiklərinə görə təşəkkür edib.

Çərşənbə günü Fransada "Hər şeyi blokla" hərəkatı çərçivəsində keçirilən etiraz aksiyalarında azı 175 min nəfər iştirak edib.

"Report"un yerli KİV-lərə istinadla verdiyi məlumata görə, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, ölkə üzrə təxminən 550 mitinq və nümayiş keçirilib. Gün ərzində baş verən iğtişaşlar zamanı ilkin məlumatlara görə, 203-ü Parisdə olmaqla, ümumilikdə 473 nəfər saxlanılıb. Onlardan 339-u ölkə üzrə, 106-sı isə Parisdə həbs olunub.

DİN-in məlumatına görə, iğtişaşlar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.

Etiraz aksiyaları sosial şəbəkələr vasitəsilə təşkil olunub. Aksiya iştirakçılarının çoxu dövlət qurumlarının fəaliyyətini bloklamağa, yolları bağlamağa cəhd edib. Polis 262-dən çox blokada halı qeydə alıb. Bir çox ərazilərdə baryerlər qurulub, zibil konteynerləri yandırılıb. Xüsusilə Parisdə Şimal vağzalı yaxınlığında aksiyalar polis əməkdaşları ilə toqquşmalara çevrilib.

Nəqliyyat Nazirliyindən bildirilib ki, etirazlara paralel keçirilən tətil nəticəsində dəmiryol xətlərində qatarların sayı kəskin azalıb, təxminən 110 aviareys ləğv edilib. Nazirlik digər reyslər üzrə də çətinliklərin ola biləcəyi barədə xəbərdarlıq edib.

Etirazçılar arasında Fransa Prezidenti Emmanuel Makronun istefası tələbi əsas şüarlardan biri olub.

Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası (ÜƏK) yaydığı bəyanatda 10 sentyabr hərəkatını "ilk uğurlu mərhələ" adlandırıb.

Bundan əlavə, həmkarlar ittifaqı dövlət maliyyə sektorunda çalışan 10 min nəfərin, dəmiryol işçilərinin 25 faizinin, eləcə də dövlət xəstəxanalarında yüzlərlə iş yerində işin dayandırılmasının təşkili ilə bağlı təşəbbüsləri öz uğuru kimi qeyd edib.