Brest prokurorluğu "Boracay" tankerinə dair istintaqa başlayıb – YENİLƏNİB
- 01 oktyabr, 2025
- 23:30

Fransa hakimiyyəti ölkənin qərbindəki Sen-Nazer limanında son günlər lövbərdə dayanan "Boracay" tankerinin iki ekipaj üzvünü saxlayıb.
"Report" xəbər verir ki, bu barədə AFP agentliyi Brest şəhər prokuroru Stefan Kelenbergerə istinadla məlumat yayıb.
Brest prokurorluğu gəminin mənsubiyyətini sübut edən sənədlərin təqdim olunmaması və Fransa hakimiyyətinin tələblərinə əməl edilməməsi ilə bağlı istintaqa başlayıb.
Prokurorun sözlərinə görə, saxlanılan iki ekipaj üzvü gəmiyə kapitan və onun baş köməkçisi kimi təqdim olunub.
"Ekipaj çox ciddi səhvlərə yol verib ki, bu da məhkəmə araşdırmasını əsaslandırır", – deyə Fransa Prezidenti Emmanuel Makron hadisəni şərh edib.
Fransa hərbçiləri Sen-Nazer limanında dayanmış "Boracay" neft tankerinə daxil olublar.
"Report" AFP-yə istinadla xəbər verir ki, Benin bayrağı altında üzən bu gəmi Avropa İttifaqının sanksiyaları altındadır.
Həmçinin Danimarka üzərində pilotsuz uçuş aparatlarının buraxılmasında iştirakda şübhəli bilinir.
"MarineTraffi"in məlumatına əsasən, gəmi Primorskdan çıxaraq Baltik dənizindən, Şimal dənizindən və La-Manş boğazından keçib. Fransa sahillərində isə onu Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi müşayiət edib.
Hazırda "Boracay" lövbərdə dayanıb. Ekipaj isə sənədləri təqdim etməkdən və hakimiyyətin göstərişlərini yerinə yetirməkdən imtina edib.