Fransa DİN etirazları müşahidə etməyə 76 min polis əməkdaşını cəlb edəcək
- 02 oktyabr, 2025
- 12:41

Fransa Daxili İşlər Nazirliyi (DİN) həmkarlar ittifaqlarının çağırışı ilə ölkə boyu keçiriləcək 250 etiraz aksiyasında asayişi qorumaq üçün 76 min polis və jandarm cəlb etməyə qərar verib.
"Report"un Fransa KİV-lərinə istinadən məlumatına görə, bu barədə daxili işlər naziri Bruno Retayo bəyan edib.
"Bu, asayiş qüvvələrimizin ölkə boyu nümayiş və etirazları müşahidə edəcəyi üçüncü gündür. Ümumilikdə 250-yə yaxın etiraz yürüşü planlaşdırılır. Biz (18 sentyabrla müqayisədə) bir qədər az qüvvə cəlb etmişik, lakin buna baxmayaraq, onların sayı 76 min polis və jandarma çatır, təkcə Parisdə onlardan təxminən 5 min nəfər olacaq", - deyə nazir bildirib.
O qeyd edib ki, hakimiyyət bəzi aksiyaların sıralarına radikal elementlərin qoşulmasına hazırdır və asayiş qüvvələri öz fikrini zorakılıq olmadan ifadə etmək istəyən hər kəs üçün nümayişlərin dinc keçirilməsini təmin etmək niyyətindədir.