Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib - YENİLƏNİB
- 18 sentyabr, 2025
- 12:34

Parisin şərqində polis etirazçılara qarşı gözyaşardıcı qaz və rezin dəyənəklər tətbiq edərək onları dağıdıb.
"Report" xəbər verir ki, bu barədə "Parisien" nəşri yazıb.
"Polis avtobus deposunu blokada edən nümayişçilərə qarşı güc tətbiq edib və rezin dəyənəklərlə zərbələr endirib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz istifadə edib, etirazçılar isə tüstü şaşkaları ilə cavab veriblər", - məqalədə bildirilib.
BFMTV telekanalının məlumatına görə, aksiya yerli vaxtla səhər saat 6-da başlayıb. Ona avtobus sürücüləri də qoşulub.
Bu gün Fransada dövlət xərclərinin azaldılması planına etiraz əlaməti olaraq 250-dən çox nümayiş planlaşdırılıb.
"Report" bu barədə Fransa KİV-inə istinadən xəbər verir.
Məlumata görə, müxtəlif iqtisadi sahələrin həmkarlar ittifaqları dövlət xidmətlərinin maliyyələşdirilməsinin artırılması, varlı vətəndaşlar üçün daha yüksək vergilərin tətbiqi, həmçinin geniş ictimai narazılığa səbəb olan pensiya islahatının ləğv edilməsi tələbləri ilə çıxış edirlər.
Etiraz aksiyalarına təxminən 800 min nəfərin qatılacağı gözlənilir.
Bununla əlaqədar ölkənin nəqliyyat sistemində ciddi fasilələr proqnozlaşdırılır, bir çox məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.