Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır

Digər ölkələr
  • 09 iyun, 2026
  • 15:48
Fon der Lyayen: Aİ Ukrayna və Moldovanın üzvlüyü üzrə danışıqların yeni mərhələsinə başlayır

Avropa İttifaqı (Aİ) yaxın günlərdə Ukrayna və Moldova ilə ilk danışıqlar klasterini açacaq, bu da onların Aİ-yə üzvlük prosesinin növbəti mərhələsinə keçidini ifadə edəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təqdim edərkən bildirib.

"Yaxın günlərdə biz Ukrayna və Moldova ilə ilk klasteri açacağıq. Bu, faktiki olaraq qoşulma prosesinin növbəti mərhələsinə - danışıqların rəsmi başlanmasına qapı açır", - o bildirib.

Fon der Lyayen qeyd edib ki, Ukrayna davam edən müharibəyə və üzləşdiyi çətinliklərə baxmayaraq, Aİ-nin tələblərini yerinə yetirməyə davam edir.

"Ukrayna şəhərlərinin hücumlara məruz qalmasına baxmayaraq, islahat ardınca islahat həyata keçirir. Ukrayna işin öz üzərinə düşən hissəsini yerinə yetirib", - Avropa Komissiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ-yə üzvlük yolunda Ukraynaya dəstəyini davam etdirməyə hazırdır.

"İndi bizim də öz üzərimizə düşəni yerinə yetirməyimizin vaxtı çatıb. Bunu etmək üçün tarixi imkanımız var", - fon der Lyayen bildirib.

44 - Tezliklə