Finlandiya Prezidenti xeyriyyə məqsədləri üçün 540 min avro xərcləyib
- 19 dekabr, 2025
- 20:36
Finlandiya Prezidenti Aleksandr Stubb ümumi məbləği 540 min avro olan üç maliyyə ianəsi edib.
"Report" xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin ofisi məlumat yayıb.
Məlumata görə, Stubb Fin Mədəniyyət Fonduna 250 min avro, "Breakthrough Foundation"a 250 min və "Me Foundation"a isə 40 min avro ayırıb.
Yardım Finlandiya Prezidentinin Florensiyada Avropa Universiteti İnstitutunda (EUI) işlədiyi müddətdə çıxışlardan əldə etdiyi qonorarlarından ibarətdir.
EUI praktikasına uyğun olaraq, professorların çıxışlarından əldə edilən qonorarlar birləşdirilir. Bu vəsaitlər tədqiqatlar üçün istifadə edilə, yaxud qeyri-kommersiya təşkilatlarına ianə edilə bilər.
Fin Mədəniyyət Fondu gənclər arasında incəsənəti, elmi və mədəniyyəti təbliğ edir. "Breakthrough Foundation" gənc idmançıları dəstəkləyir, "Me Foundation" isə uşaqlar və gənclər arasında savadlılığın artırılmasına kömək edir.