Fələstin konstitusiyasının layihəsi üzərində işlər yekunlaşmaq üzrədir

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 05:14
Fələstin konstitusiyasının layihəsi üzərində işlər yekunlaşmaq üzrədir

Fələstin konstitusiyasının layihəsi üzərində işlər yekunlaşmaq üzrədir: komitə noyabrın 24-dək yekun variantı prezident Mahmud Abbasa təqdim etmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu Rusiyanın "İzvestiya" qəzetinə açıqlamasında Fələstin Azadlıq Təşkilatının (FAT) icraiyyə komitəsinin üzvü Əhməd Məcdəlani deyib.

Onun sözlərinə görə, müvəqqəti konstitusiyanın əksər bölmələri prezident Mahmud Abbasın müəyyən etdiyi qrafikə uyğun olaraq konstitusiya komitəsi tərəfindən hazırlanıb.

"Hazırda konstitusiya hissələrinə yenidən baxılmasının son mərhələsindəyik" deyən Əhməd Məcdəlani mətnin bütün hissələrini nəzərdən keçirmək üçün noyabrın 17-də konstitusiya komitəsinin iclasının keçiriləcəyini bildirib.

Gələcək Fələstin dövlətinin ərazi əsaslarından danışan rəsmi qeyd edib ki, konstitusiya layihəsi 1967-ci il sərhədlərini saxlayacaq, yəni Şərqi Qüds də daxil olmaqla Qəzza zolağı və İordan çayının qərb sahilini əhatə edəcək. "HƏMAS" da daxil olmaqla Fələstin fraksiyalarının mövqeyi və onlarla məsləhətləşmələr aparılırmı sualını cavablandıran Məcdəlani qeyd edib ki, layihə tamamlandıqdan sonra həm ölkə daxilində, həm də xaricində bütün siyasi və ictimai strukturlarla dialoq aparılacaq.

Qəzet xatırladıb ki, bu gün Yasir Ərəfatın 1988-ci ildə müstəqillik bəyannaməsi əsasında hazırlanmış Əsas Qanun Fələstinin hüquqi əsası olaraq qalır. Dövlət qurmaq səylərinin intensivləşməsi 1993-cü il Oslo razılaşmalarının yerinə yetirilməməsi ilə bağlıdır. O zaman plan 5 il ərzində 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması idi, lakin bu proses faktiki olaraq dalana dirənib.

Son xəbərlər

Bütün Xəbər Lenti