“Exit poll”: Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir

Digər ölkələr
  • 03 aprel, 2022
  • 20:28
“Exit poll”: Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir
Aleksandar Vuçiç

Serbiyada dünən keçirilən prezident seçkilərinin birinci turunda hazırkı dövlət başçısı Aleksandar Vuçiç lider olub.

“Report” xəbər verir ki, bunu seçkilərdə keçirilən “exit-poll”un nəticələri göstərir.

“Ipsos” Araşdırma Mərkəzi və Azad Seçkilər və Demokratiya Mərkəzinin (CeSID) birgə məlumatlarına əsasən hazırkı dövlət başçısı rəqiblərini üstələyib.

“Exit-poll”un nəticələrinə görə, Vuçiçin lideri olduğu hakim Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi “Birlikdə hər şeyi edə bilərik” koalisiyası 43,6% səs toplayıb. Siyahıda ikinci yerdə Marinika Tepiçin rəhbərlik etdiyi “Serbiyanın Qələbəsi Naminə Birlik” koalisiyası 12,9% qərarlaşıb. Üçüncü yerdə İvitsa Daçiçin sədri olduğu Serbiya Sosialist Partiyası rəhbərlik etdiyi koalisiya 11,6% mövqe tutub.

Qalan partiyalar 3 %-lik baryeri aşa bilməyib.

Dünən Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilib.

Eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçirilib.

Respublika Seçki Komissiyasının məlumatına görə, Serbiyada və xaricdə ümumilikdə 8 255 seçki məntəqəsi açılıb.