"Euronews": Avropa Komissiyası komissarların sayını azaltmağı təklif edir

Digər ölkələr
  • 06 oktyabr, 2026
  • 19:09
Euronews: Avropa Komissiyası komissarların sayını azaltmağı təklif edir

Avropa Komissiyası (AK) Avropa İttifaqını (Aİ) 30 və daha çox ölkəyə qədər mümkün genişlənməyə hazırlamaq üçün komissarların sayını azaltmağı və bir sıra qərarlar üzrə yekdillik prinsipindən imtina etməyi təklif edir.

"Report" "Euronews"a istinadən xəbər verir ki, AK-nın müvafiq təklifləri Aİ-nin strukturlarının və qərar qəbuletmə prosesinin mümkün genişlənməyə uyğunlaşdırılması üzrə irimiqyaslı tədbirlər paketi çərçivəsində təqdim olunub.

Xüsusilə, AK üzvlərinin sayının azaldılması, habelə yekdillik prinsipi əvəzinə ixtisaslı səs çoxluğu ilə səsvermənin tətbiqinin genişləndirilməsi təklif edilir. Bu təşəbbüslərin Aİ ölkələrində müzakirələrə səbəb olacağı gözlənilir, çünki onların həyata keçirilməsi üçün üzv dövlətlərin razılığı tələb olunacaq.

"Əsas sual bundan ibarət idi: Aİ növbəti genişlənməyə hazırdırmı? Və cavab birmənalı şəkildə müsbətdir: gələcək genişlənmə mümkündür. Bizim qiymətləndirməmiz göstərir ki, siyasətin əksər sahələrində Aİ artıq genişlənməyə hazırdır", - genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos jurnalistlərə bildirib.

Aİ diplomatları hesab edirlər ki, üzv dövlətlər təklif olunan dəyişikliklərlə çətin ki, asanlıqla razılaşsınlar.