Əraqçi İrana hücumlar barədə: Özümüzü müdafiə edəcəyik
- 28 fevral, 2026
- 13:55
İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
Bu barədə "Report" İraq XİN-in bəyanatına istinadən xəbər verir.
XİN-dən qeyd edilib ki, söhbət zamanı Əraqçi son hücumlardan sonra İrandakı vəziyyət barədə məlumat verərək ölkənin özünü müdafiə etməyə davam edəcəyini vurğulayıb.
İranlı nazir dəqiqləşdirib ki, Tehranın cavab tədbirləri yalnız regiondakı ABŞ hərbi bazalarına yönəldiləcək, "özünümüdafiə hüququ" çərçivəsində həyata keçiriləcək və digər dövlətlərə təsir etməyəcək.
Öz növbəsində, Fuad Hüseyn İraqın hərbi əməliyyatların eskalasiyasından imtinaya əsaslanan dəyişməz mövqeyini vurğulayaraq qeyd edib ki, müharibə problemlərin həlli vasitəsi ola bilməz, dialoq və gərginliyin azaldılması isə onların nizamlanmasının ən yaxşı yolu olaraq qalır.