Əraqçi: ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı
- 25 iyun, 2025
- 10:40
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail və Birləşmiş Ştatların İrana qarşı fəaliyyəti islam respublikasının öz nüvə proqramını inkişaf etdirmək qətiyyətini gücləndirdi.
“Report” xəbər verir ki, bu barədə İran XİN rəhbəri Abbas Əraqçi “Al Araby Al Jadeed” qəzetinə müsahibəsində bildirib.
"Bu, İranın nüvə proqramını inkişaf etdirmək istəyinə müsbət təsir göstərdi, iradəmizi gücləndirdi, bizi daha qətiyyətli və inadkar etdi. Biz bu texnoloji nailiyyətlər üçün böyük səy göstərdik, alimlərimiz bu məqsədə çatmaq üçün öz həyatlarını qurban verərək böyük fədakarlıqlar etdilər.
Bunun üçün xalqımız sanksiyalara dözdü, bu məsələyə görə millətimizə müharibə elan edildi. Aydındır ki, İranda heç kim nüvə texnologiyalarından imtina etməyəcək", - nazir qeyd edib.
O, həmçinin bildirib ki, İranın nüvə proqramı şəffaf olub və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) nəzarəti altında həyata keçirilib.
ABŞ-nin Qətərdəki "Əl-Üdeyd" hərbi hava bazasına zərbələrlə bağlı suala cavab verən nazir qeyd edib ki, bu addımlar "özünümüdafiə hüququna aiddir".
"Zərbələr İranın qonşularının suverenliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşımırdı. İslam Respublikası qonşu ölkələrin suveren və milli hüquqlarına tam hörmət edir, öz mövcudluğunu qorumaq üçün qətiyyətli cavab verməyi zəruri sayır. Birləşmiş Ştatlar öz məqsədlərinə çatmaq və regionda sabitliyi pozmaq üçün digər ölkələrin ərazilərindən istifadə edə bilməyəcək", - Əraqçi deyib.