Ər-Riyadda İsraillə münasibətlərin ilin sonundək normallaşması ehtimalının az olduğu hesab edilir
- 01 noyabr, 2025
- 16:08
Səudiyyə Ərəbistanında İsraillə münasibətlərin normallaşması haqqında müqavilənin 2025-ci ilin sonuna qədər bağlanması ehtimalının az olduğu hesab edilir.
"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri Səudiyyə Ərəbistanı hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbə vurğulayıb ki, Ər-Riyadda İsraillə normallaşma Fələstin məsələsinin həlli kontekstində nəzərdən keçirilir:
"Krallıq bundan istifadə edərək uzun müddətdir gözlənilən problemi (Fələstin məsələsini - red.) birdəfəlik həll etmək istəyir".
KİV qeyd edir ki, belə bir şərh Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın noyabrda Vaşinqtona ehtimal olunan səfəri ərəfəsində səsləndirilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində İsrail və Səudiyyə Ərəbistanının yaxın zamanda münasibətlərin normallaşması haqqında saziş imzalaya biləcəklərini bildirib:
"Düşünürəm ki, biz buna çox yaxınıq".