Əlcəzairdə meşə yanğınları nəticəsində azı 6 nəfər ölüb
- 23 iyul, 2026
- 04:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Əlcəzairin şimal və şimal-şərq rayonlarını əhatə edən genişmiqyaslı meşə yanğınları nəticəsində azı 6 nəfər həlak olub, təxminən 100 nəfər xəsarət alıb.
"Report"un verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutka ərzində zərərçəkmiş ərazilərin 100-dən çox sakini xəstəxanalara yerləşdirilib. Onların hamısının vəziyyəti stabil olaraq qiymətləndirilir.
Son günlər Əlcəzairin şimalında 1,5 mindən çox yanğın ocağı qeydə alınıb. Yanğınlar meşə massivlərini, palma bağlarını və kənd təsərrüfatı sahələrini məhv edib, 150-dən çox yaşayış evi zədələnib. Evlərdən sakinlər vaxtında təxliyə olunub.
Bundan başqa güclü külək və havanın temperaturunun +35°C-dən yüksək olduğu isti hava şəraiti yanğınların söndürülməsini çətinləşdirir.